13 Eylül 2017 Çarşamba

Quran ziddiyyətləri - 3


QURANDA ALLAHIN VƏSFLƏRİ VƏ DAVRANIŞLARI BİR-BİRİNİ YALANLAYIR

Məlum olduğu kimi Quran tez-tez, xüsusən ayələrin sonunda Allahın adlarını çəkərək onu vəsf edir. Bununla birlikdə Quran ayələrində, birbaşa yaxud dolayı yolla Allah müxtəlif xüsusiyyətlərlə vəsf olunur. Quranda Allahın “ədalətli”, “mərhəmətli”, “sonsuz elm sahibi”, “mərhəmətlilərin ən mərhəmətlisi”, “hikmətli”, “özündən razı”, “sonsuz əzab edici”, “hər şeyi yaradan”, “hər şeyi eşidən”, “hər şeyi görən”, “mükəmməl”, “noqsansız”, “bağışlayan”, “cəzalandıran”, “ruzi verən/qısan”, “hər şeyi bilən” və s. xüsusiyyətlərə malik olduğu bildirilir. Allahın vəsfləri üzərində sorğulayıcı mövqe ilə düşünsək, həmin vəsflərdə paradoks olduğunu rahat bir şəkildə görə bilərik. Deyə bilərik ki, Qurandakı bütün ziddiyyətlərin fonunda ən böyük paradoks Allahın vəsflərinin bir-biri ilə zidd düşməsidir. Gəlin baxaq:

1)      Qurana görə dünya, kainat və onlar arasındakı hər şey “ədalətli”, “mərhəmətli”, “qüdrətli”, “eqoist/təkəbbürlü” Allah tərəfindən yaradılıb: insanlar, heyvanlar, canlıların fiziki quruluşu, xarakteristikaları, təbiət qanunları və s. Dünya bildiyimiz kimi, acı ilə ləzzətin qarışdığı amansız mücadələ meydanıdır. Güclü olan sağ qalır, zəif olan acılar içində məhv olur. Zəif heyvan güclü heyvan tərəfindən parçalanır, zəif insanlar da güclü insanlar tərəfindən əzilir. Milyonlarla insan Yer üzündə aclıq və susuzluqdan əziyyət çəkir və ölür. Müharibələr milyonlarla insanın öldürülməsinə, ac qalmasına, torpaqlarından didərgin düşməsinə, ailələrin dağılmasına səbəb olur. Milyonlarla insan ağır xəstəliklər üzündən dəhşətli acılar çəkir. Milyonlarla insan psixoloji xəstəliklərlə boğuşur. Milyonlarla uşaq ailəsindən ayrı düşür, ailələr dağılır. Milyonlarla insan fiziki-psixoloji təcavüzə məruz qalır. Qanlar hər gün su yerinə axır, qadınların, uşaqların ah naləsi göyə ucalır. Sual olunur: “Əvvəlcədən Yerdəki vəziyyətin belə olacağını bilən Allahın mərhəməti dünyanı yaratmağa necə yol verdi?”.
NəticəMərhəmətli Allahın bilə-bilə acı dolu dünyanı yaratması Özü ilə paradoksdur  və məntiqən xətalıdır. Hər şeydən daha mərhəmətli olanın dünyanı yaratması mümkünsüzdür.
Müsəlmanlar bütün bunların Allahın imtahanı olduğunu iddia edə bilərlər. Lakin bu, paradoksu aradan qaldırmır. Əksinə qüvvətləndirir. Çünki “hər şeydən mərhəmətli olan”ın bu cür imtahan meydanı yaratması tamamilə mümkünsüzdür. Əksini iddia edən məntiq xətasına düşmüş olar. “Dünyada bir uşaq belə acı çəkirsə, deməli Allah yoxdur”. Lakin burada incə bir məqama nəzər yetirməyimiz mühümdür: Allah və Yaradıcı eyni deyil. Allahın var olması mümkünsüz ikən, Yaradıcının varlığı barədə idealistlərin arqumentləri irəli sürülüb. Varlığı barəsində bir ədəd belə qəti bir dəlil olmadığı üçün Yaradıcıya inancım yoxdur, inancım olmasa da şəxsi mövqeyim aqnostikdir. Buradan da fəlsəfi problemlər ortaya çıxır. Mövzumuz Quranın tənqidi olduğu üçün fəlsəfi problemlərə toxunmayacağıq.
2)      Kafirlərin (qeyri-müsəlmanların) əbədi olaraq cəhənnəmdə vəhşicəsinə işgəncə görməsi Allahın “ədalət” və “mərhəmət” sifəti ilə paradoksdur. (Bu mövzuya geniş şəkildə 2-ci məqalədə toxunmuşuq)  Ədalətli və Müdrik, Hikmətli Allahın öz varlığı və İslamın doğru din olduğu haqqında sübut göndərmədiyi halda, şübhə edən və inanmayan (inana bilməyən) insanları cəzalandırması mümkünsüzdür. Allahın ortada bu qədər məntiqi və güclü problemlərin çıxacağını bilməsinə baxmayaraq, inana bilməyən insanları cəzalandırması “mərhəmətli” və “ədalətli” anlayışları ilə ziddir. Ümumiyyətlə cəhənnəm əzabı “mərhəmətli” Allah anlayışı ilə paradoksdur. İnsanların ibadət etmədikləri və sırf dinə xas əmrləri yerinə yetirmədikləri üçün cəzalandırılması Allahın “əl-Mutəkəbbir” (Eqoist, Özündən razı) adı ilə uyğun olsa da “ər-Rahmən” (Sonsuz mərhəmət sahibi) adı ilə paradoksdur. Allahın həm “eqoist”, həm də “ən mərhəmətli” olması mümkün deyil. Deməli, Quran bu dəfə də özü özünü yalanlayır.
3)      Quranda Allahın “bənzərsiz” olduğu yazılmasına baxmayaraq, digər ayələrdə Quran Allahı insana xas olan özəlliklərlə vəsf edir. Müsəlman alimlərinin çoxu kitablarında dəfələrlə Allahın bənzərsiz olduğunu, heç bir şeyə bənzəmədiyini vurğulayır və buna Qurandan dəlillər gətirirlər. Onlar Allahın bənzərsiz olduğunu başa salmağa çalışırlar – daha doğrusu öz yozumlarıyla Quranda bu mesajın bildirildiyini demək istəyirlər. Lakin Allahın bənzərsizliyi iddiası Quran və hədislərlə tam mənası ilə üst üstə düşmür. Qurana və hədislərə baxdığımız zaman Allahın insana bənzər (antropoformik) bir tanrı xəyalı olduğunu rahat bit şəkildə anlayırıq. Yəni insanda olan xüsusiyyətlərin əksəriyyətinin eyni ilə Allahda da olduğunu görürük. Məsələn, eşitmə, görmə, qəzəblənmə, gülmə, istehza etmə, intiqam alma, məkr, hiylə, əl, üz, baldır, məkan tutma, bağışlama, cəzalandırma, diktatorluq, təkəbbürlülük/eqoistlik, əzicilik (əl-Qahhər), zorbalıq (əl-Cəbbər), qanun qoyma, dostluq, düşmənçilik, sevmə və s.

-   Bir çox ayədə Allahın “vəch”indən, yəni “üz”ündən danışılır:

“Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (2:115)

“Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız”. (28:88)

Nəql olunan səhih hədislərində Hz.Muhəmməd belə dua etmişdir:
“Allahım, səndən Üzünə baxmaq ləzzətini və səninlə görüşmə şövqünü mənə lütf etməyini istəyirəm!” (Əhməd 5/191; Mucəmu`l-Kəbir 4803; Hakim 1900)

-   Allaha “əl”, “iki əl” nisbət olunur (yədullah):

“Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lə’nətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və lə’nətə gəlsinlər!) Xeyr, Allahın iki əli də açıqdır”. (5:64)

“Dedi: 'Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklənənlərdənmi olmuşdun?'” (38:75)

“Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır. (39:67)

-   Allahın “baldır”ı:

“Baldırın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin (buna) qadir ola bilməyəcəkləri gün”. (68:42)

“Allah axirətdə öz kimliyini peyğəmbərlərə sübut etmək üçün baldırını açıb göstərəcək”. (Muslim, “İman” 302; Buxari 97/24; Musnəd 3/1)

Hz.Muhəmməd bir hədisində 68:42 ayəsi haqqında belə deyib: “Rəbbimiz baldırını açar, hər mömin kişi və qadın Ona səcdə edər. Dünyada ikən ona riya və göstəriş ilə səcdə edənlər geri qalarlar. Ona səcdə etməyə qalxarlar, lakin səcdə edə bilməzlər”. (Muslim, “İman”, 302)
Bu ayə əksər müsəlman tərcüməçi və ilahiyyatçılar tərəfindən insanların gözlərindən qaçırılması üçün min bir saxtakarlıqlarla “tə`vil” (yozum, mənanı başqa mənaya yozma) olunur. Bu cür tə`villər Quran üzərində dəfələrlə aparılıb və bir çox ayələr üzərində edilən bu ört-basdır çabalamalarına Quran üzərində dəfələrlə etdiyim çalışmalar nəticəsində şəxsən  mənim özüm, şahidəm.

-    Allahın “göz”ü (eyni ilə bu ayə də maturdi, əşari və şia kəlamçıları tərəfindən “nəzarətimiz altında” mənasına yozulur, lakin sələf alimləri buna şiddətlə qarşı çıxaraq, ifadəni Hz.Muhəmməd və səhabələrinin etdiyi kimi, necə var, elə də qəbul etməyin gərəkdiyini irəli sürüblər ki, obyektiv yanaşma məhz budur):

“'Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün'. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım”. (20:39)

-    Allahın səmada bərqərar olması, “ərş”ə (taxt) ucalması, ərşdə olması:

“Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir”. (67:16)

“əl-Mulk” surəsində Allahın göydə olduğu (“mən fi`s-səmə-i”-“göydə olan”) yazılması min ildən çoxdur ki, müsəlmanlar arasında çoxlu ixtilaflara, parçalanmalara səbəb olmuşdur. Əşarilər Allahın bənzərsiz olduğu üçün göydə olmasının mümkün olmadığını, Quranda Allaha “Göydə olan” deyilməklə məcazi mənanın qəsd olunduğunu iddia etdikləri halda, sələfilər tam əksini – Quranda məcazın olmadığını və Allahın səmada bərqərar olduğunu, yaxud oturduğunu irəli sürüblər. Hətta 18-ci əsr sələfilərindən bəziləri daha da irəli gedərək əşariləri mürtədliklə (dindən çıxmaq) ittiham ediblər. Bu da İslam dünyası üçün ayrı bir təhlükədir. Çünki Hz.Muhəmmədin əmrinə əsasən dindən dönən öldürülməlidir. “Dinini dəyişdirəni dərhal öldürün” (Səhih əl-Buxari, “Cihad”, 149). İxtilafların gətirə biləcəyi dəhşətli nəticəni düşünə bilirsiniz mi?

Əbu Səid əl-Xudri və Əbu Hurayranın rəvayət etdiklərinə görə Hz.Muhəmməd belə deyib: “Allahu Təalə gecənin üçdə birlik vaxtı keçənə qədər möhlət verər, (sonra) dünya səmasına enər və “Bağışlanmaq istəyən varmı?”, “Tövbə edən varmı?”, “Dua edən varmı?” deyə buyurar. Bu vəziyyət səhərə qədər davam edər”. (Muslim, 758; Buxari, 1145).

Hədisdəki təşbihi və paradoksları görməmək mümkün deyil: Heç bir şeyə bənzəməyən Allahın dünya səmasına enməsi. Deməli, Allah bu dəfə də öz sifətləri ilə paradoksdadır. Hədisdəki ikinci problemli vəziyyət isə Allahın hər şeyi bilməsinə baxmayaraq səhərə qədər öz-özünə danışaraq sual verməsidir. Göründüyü kimi, Hz.Muhəmmədin düşündüyü tanrı xəyalı antropoformik (insanabənzər) və ziddiyyətli xəyaldır.


Hiç yorum yok:

Yorum Gönder