Məlum
olduğu kimi, monoteist dinlərin ehtiva etdiyi ən əsas anlayışlardan biri də
imtahan anlayışıdır. İmtahan haqqında dini mətnləri incələdiyimiz zaman bir çox
absurd və ziddiyyətli nöqtələrlə qarşılaşmağımız qaçınılmazdır. Qurana
görə insanın yaradılış qayəsi tanrı Allaha ibadət etmək (yəni Allahın razı
qaldığı işlər görmək), dünya həyatının qayəsi isə insanların Allaha itaət
edib/etməməklə imtahan olunmasıdır:
“İnsanları və
cinləri yalnız mənə (!) ibadət etmələri üçün yaratdım!”. (51:56)
“Əməl baxımından hansınızın daha yaxşı
olduğunu imtahan etmək üçün ölümü və həyatı yaradan odur”. (67:2)
51:56
ayəsini düşündüyümüz zaman tanrı Allahın olduqca eqoist və təkəbbürlü olduğunu
anlayırıq. Quran tanrı Allahın eqoist olduğunu əl-Həşr surəsində “əl-Mutəkəbbir”
şəklində açıqca ifadə edir:
“Elə bir Allahdır ki, o ... təkəbbürlüdür”.
(59:23)
Öz şəxsi eqosu üçün insanları min bir
çətinlik, müsibət və göndərdiyi yobaz qanunlarla imtahan edən eqoist bir tanrı
nə dərəcədə ibadətə, sevilməyə, dəyər görməyə, yaltaqlanmağa layiqdir?
67:2
ayəsi haqqında ilk olaraq deyə bilərik ki, bu ayəni təşkil edən cümlədə məna
baxımından problem var. Qəribədir ki, Quran “ölüm” sözünü “həyat” sözündən əvvəl
çəkir, üstəlik ölümün də insanların hansının daha saleh əməl işlədiyini sınamaq
üçün yaradıldığını iddia edir. Təfsirə baxdığımız zaman müfəssirlərin ayədəki bu incəlik üzərində çaş-baş qaldığını
və başqa mənalara yozduğunu görə bilərik. Çünki ölmüş bir insan, Muhəmmədin
başqa ayələrinə və digər sözlərinə görə tanrı Allahın qanunlarını icra etməklə
mükəlləf deyil.
67:2
ayəsinə əsasən insanların həyatının hər bir anı onlar üçün bir sınaqdır. Tələbənin
imtahandan yaxşı nəticə ala bilməsi üçün hazırlaşması lazımdır. Onun
hazırlaşması üçün dəqiq, konkret,
rasyonal, məntiqli və aydın mühazirənin olması da zəruridir. Mühazirəsiz tələbənin imtahan
edilməsi absurd və hikmətsizdir. Həmçinin insan da bu dünyaya imtahan üçün gəlibsə,
onun imtahanda müvəffəqiyyətli olması üçün mühazirəsinin olması mütləqdir. Bəs Allahın dəqiq, konkret, rasyonal, məntiqli
və aydın “mühazirə”si nədir, haradadır? Reallıq budur ki, əlimizdə Allahın “mühazirə”sindən
bir “səhifə” belə yoxdur. Müsəlmanlar bu “mühazirə”nin Quran olduğunu deyə bilər.
Lakin Quran dəqiq, konkret, rasyonal, məntiqli
və aydın deyil, içində obyektiv məntiqlə açıqca görülən yüzlərlə absurd
şeylər, anlaşılmazlıqlar, ixtilaflar və ziddiyyətlər var. Üstəlik Quran fövqəlbəşər
şəkildə deyil, antik Orta Şərq zehniyyəti ilə qələmə alınıb, beləki, hər ayəsindən
insan sözü olduğu bəlli olur. Quranın iddiası qeyri-adi iddiadır, lakin
qeyri-adi iddiaların qeyri-adi sübutları olmalıdır ki, İslamın doğru din olduğuna
dair bir dənə belə olsa sağlam arqument yoxdur. Qəribə məqamlardan biri də budur ki, Quranın insanlar üçün “mühazirə”
olduğunu deyən müsəlmanlar, öz müqəddəs kitablarında insanların Qurana
inanıb/inanmamaqla sınanacağı mesajını verən ayələri ya anlamırlar, ya da anlamazlıqdan
gəlirlər. Cəfəngiyyata bax! Deməli, biz “mühazirə”nin “mühazirə” olub
olmadığını tapmaq ilə sınanırıq, pah atonan! Sanki dünyaya Allahla gizlənpaç
oynamağa, ya da tapmacanın cavabını axtarmağa gəlmişik. Bu nə cür imtahandır,
yaxud bu nə cür imtahan metodudur? Diqqət edirsinizsə, dini prinsipləri incələyərək
sorğuladığımız zaman, İslamın nə dərəcədə zəif, ziddiyyətli və məntiqi baxımdan
xətalarla dolu olduğunu və harasından yapışsanız tutarsız olduğunu çətinlik çəkmədən
anlayırıq:
“Allah onunla (Quranla) bir çox kimsəni
azdırar, bir çoxunu isə doğru yola hidayət edər”. (2:26)
2:26
cəfəngiyyatını görüb əsəbləşməmək mümkün deyil. Ağıllı, hikmətli, hər şeyi bilən,
sonsuz elm sahibi Allah, öz sifətləri ilə ziddiyyətə düşüb son dərəcə hikmətsiz
imtahan metodunu işlədərək, sınaq üçün yaratdığı insanları imtahandan kəsmək
üçün göndərdiyi “mühazirə”dən istifadə edir, pah atonan! İmtahanın metoduna bax
sən! Tarix səhnəsinin ən kinli tanrı xəyalı olan Allahın davranışları göründüyü
kimi bir-birini tutmur: İnsanların həm yaxşılığını istəyir, həm pisliyini.
“Biz sizi bir az qorxu, bir az aclıq, bir az
da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver”.
(2:155)
“Əlbəttə, siz malınız və canınızla
imtahan ediləcəksiniz”. (3:186)
İnsanın
DNT-i bir-birini kopyalamaq qabiliyyətinə malik eqoist molekullardan təşkil
olunmuşdur və insan genləri eqoistdir. Deməli, insan eqoistdir. İnsan öz şəxsi
mənfəətini güdən – canını, malını, yaxınlarını sevən, onları qoruyan və həyatda
sağ qalmaq üçün çalışan primatdır, eyni ilə digər heyvanlar kimi. İnsanın çox həssas
və güclü sinir sistemi var, o ağrını, acını hiss edir. Bütün bunlarla yanaşı,
insan emosional varlıqdır. O kədərlənə, sevinə, qəzəblənə, həyəcanlana bilir.
İnsan özünə qarşı xoşagəlməz hadisələrin baş verməsini istəməz, onun canına,
malına, yaxınlarına, sevdiklərinə pislik edənlərə qarşı insanda nifrət, qəzəb və
intiqam hisləri oyanar.
Bu
nüansları xatirimizdə tutaraq 2:155 və 3:186 ayələrini düşünək. Bir normal
insan özünə pislik edəni sevə bilməzsə, insanı öz eqosunu oxşamaq üçün qorxu,
aclıq, mal-dövlət, insan və məhsul itkisi ilə, mal və canla imtahan edən birisi
– Allah nə dərəcədə sevilməyə, dəyər görməyə, özünə yaltaqlanmağa, ibadət edilməyə
layiqdir? Görəsən Allahın özü bir müddət insan olsa bu cür dəhşətli dünya həyatına
dözə bilərmi? Axı kənardan “səbr et” demək çox asandır! İnsanları müəyyən davranışlara istəkli və meyilli yaradıb, sonra da bu
davranışları seçdikləri üçün onları cəzalandırmaq, mərhəmətli, ağıllı və müdrik
bir tanrı anlayışına yaraşmayacaq qədər uşaqcasına və cahilcəsinə davranışdır.
“Əgər Allah var
olsa idi, bağışlanma diləməsi üçün bütün insanlığın ayaqlarına düşməli idi”...
Dünyadakı
bədbəxtliklərlə yanaşı, İslam dininə görə Allah, insanları öz göndərdiyi çətin
qanunlara uyub-uymamaqla sınayır. Fikir versək bu qanunların böyük əksəriyyəti
insanın təbii istəklərinin əleyhinədir. İnsanı təbii halda yaradıb, sonra da öz
yaratdığını bəyənməyərək onu dəyişdirməyə çalışan bir tanrıdan xeyirli nə gözləmək
olar? İnsanı öz təbii istəklərinin gərəyini yerinə yetirdiyi üçün cəzalandıran
bir tanrı nə dərəcədə hörmətə layiqdir? Niyə bütün insanları fərqli yaradıb,
daha sonra öz şəriət qanunları ilə eyniləşdirməyə çalışır? Belə bir tanrı nə dərəcədə
şükrə layiqdir? Bizi ehtiyaclı yaradıb sonra ehtiyacımızı qarşıladıqda niyə
Allaha şükür etməliyik? Belə bir varlıq olsa idi, bizim ona yox, onun bizə
borcu olardı. Çünki bizi aciz yaradan da özüdür (İslama görə).
Fikir
versək görərik ki, Allah xəyali diktator obrazından başqa bir şey deyil: Müsəlmanlara
görə pis insanın başına pis hadisə gəldiyi zaman “Allahın cəzalandırması”, xoş
hadisə gəldiyi zaman “Allahın günahlarda israr etməsi üçün o insanı azdırması”,
yaxşı insanın başına bədbəxt hadisə gəldiyi zaman “Allahın sınaması”, xoş hadisə
gəldiyi zaman “Allahın mükafatı” olur, pah atonan! Lakin reallığa baxdığımız
zaman bunlar tamamilə fiziki qanunlar içərisində baş təbii hadisələrdir və
ilahi qüvvənin müdaxiləsinin bu hadisələrdə izi-tozu yoxdur. (Bu cür cəfəngiyyatların
üstündən xətt çəkən dahi alim Çarlz Darvinə salam olsun!)
İslamdakı
imtahan prinsipi Allahın bəzi sifətləri ilə də paradoksdur. Məsələn, sonsuz mərhəmətli,
acıyan, ədalətli kimi sifətlərlə imtahan prinsipi ziddiyyətlidir. Sonsuz mərhəmətli
və mehriban birinin belə acı dolu həyat yaratması mümkünsüzdür. Mövzunu daha
aydın hala gətirə bilərik. Muhəmmədin məşhur hədisinə əsasən Allah anadan daha
mərhəmətlidir. Düşünək, ana öz övladının ağır xəstəliklərə tutulmasına,
iztirablar çəkməsinə razı ola bilərmi? – ola bilməz. Onda, Allahın da insanın
iztirab çəkməyini istəmədiyi nəticəsini çıxarırıq, lakin təbiətdə gördüklərimiz
bu nəticəni yalanlayır: dünya iztirab meydanıdır. Əgər Allah anadan mərhəmətli
olsaydı, əvvəlcədən dünyanı bu cür yaratmazdı. Nəticə olaraq: Mərhəmətli
Allahın imtahan meydanı yaratması özü ilə paradoksdur və mümkünsüzdür. Bu həm də,
Allahın var olmadığının sübutudur. Çünki iki zidd bir arada ola bilməz.
Hiç yorum yok:
Yorum Gönder