27 Ağustos 2017 Pazar

Niyə İslamı tərk etdim?


Bir zamanlar bilgili bir dindar ikən, sorğulamalarım nəticəsində İslamı tərk etdim. Bu yazımda qısa olaraq dindarlıq həyatımı və dini tərk etmə səbəblərimi qələmə aldım:

  “İslamın tanrının göndərdiyi din olduğuna 15 yaşımda inanmışdım. O vaxta qədər İslamın doğru din olub olmaması barədə şübhələr içində idim. Lakin internetdən izlədiyim bəzi videolar və oxuduğum müxtəlif məqalələr vasitəsi ilə İslamın tanrının yolu olduğu qənaətinə gəldim. İslama daxil olmağıma səbəb olan başqa vasitələr də var idi. Uşaq vaxtımda məndə dinə böyük həvəs və maraq yaranmışdı. Quran mənə olduqca maraqlı və ecazkar görünürdü. Xüsusən, dinlədiyim ilk Quran qissəsi “Yusuf” məni daha çox təsirləndirmişdi. Həmin vaxtlarda yaxın qohumum vasitəsi ilə ərəb hərflərini və azacıq təcvid (Quranı düzgün oxumaq üçün bilgilər) öyrəndim.


Daha sonra, yeniyetməliyə yenicə qədəm qoyduğum vaxtlarda televizorda bir neçə türk ilahiyyatçını izləməyə başladım. Onlar arasında Yaşar Nuri Öztürk`ün fikirləri mənim ilk dini baxışlarımı formalaşdırdı. Bu zamanlarda araşdırmaq, düşünmək və hər şeyi məntiqimin süzgəcindən keçirmək mənim xarakterimə çevrildi.

16 yaşımda ibadətlərə başladım və dindar bir müsəlman oldum. İslam dinini öyrənməyə başladım. Əvvəlcə sufiliyin təsiri altında İslamın əşariyyə əqidəsinə (fəlsəfi sünnilik) mənsub oldum. Bu məzhəbə mənsub olduğum müddətcə müsəlmanların sayca çox böyük qisminin inandığı əhl-i sünnət əqidəsini mənimsədim. Hədis, tasavvuf, əqidə, fiqh barəsində ilkin məlumatlar topladım. Xüsusən tasavvuf üzərinə yoğunlaşdım. Həyat təcrübəsi olmayan bir gənc olaraq dinə olan aclığım səbəbi ilə İslamın əmrlərini yerinə yetirməklə yanaşı dini elmləri öyrənməyə davam edirdim. Bu vaxtlarda üzərində olduğum məzhəbin müxtəlif mövqelərini tənqid edən bəzi məzhəblərin olduğunu öyrəndim. İslamda Quran və hədislərdən qaynaqlanan çoxlu ziddiyyətlərin meydana gətirdiyi xaos səbəbi ilə hansı məzhəbin daha doğru olduğunu araşdırdığım zamanlarda qarşıma “əhli’s-sunnəti xassa”(Hz.Muhəmmədin yolunun özü, əsli; başqa sözlə: ənənəvi sünnilik) əqidəvi məzhəbi çıxdı. Araşdırmalarım nəticəsində bu məzhəbin həqiqi İslam olduğu qərarına gəldim. İndi fikirləşirəm ki, bu qərarımda yanılmamışam. Doğurdan da, həqiqi İslam, yəni Hz.Muhəmmədin təbliğ və tətbiq etdiyi din məhz “əhli`s-sunnəti xassa” məzhəbidir.  Dindarlıq həyatımın böyük qismində həmin məzhəbə mənsub oldum. Bu zaman ərzində yüzlərlə hədis oxudum və bir qismini öyrəndim, tasavvuf elminin kökü barədə ciddi araşdırmalar etdim, şafii fiqh`ini (İmam əş-Şafii`nin İslam hüququna aid fətvalarından qurulmuş elm) lazımi qədər oxudum, Quranı gözəl şəkildə oxumağı öyrəndim. Ərəbcə dil bilgimi artırdım.

Lakin bütün öyrəndiyim bilgilər arasında “Quran və təfsiri” xüsusi yer tuturdu. Quranı dəfələrlə oxuyar, incələyər, araşdırar, kəlimələrinin üzərində düşünərdim. Hətta Quransız bir günüm olmazdı. Tabəri, Qurtubi, İbni Kəsir, prof. Hamdi Yazır və başqa məşhur alimlərin yazdığı təfsirlərə daima müraciət edərdim. Hətta son zamanlar Quran məallarındakı tərcümə xətalarını belə tapa bilirdim.

Lakin! Bütün bunlarla bərabər məndə, oxuduqlarım, nəticəsində şübhələr baş qaldırmışdı: Quranda və hədislərdə alimlərin həll edə bilmədiyi çoxlu ziddiyyət problemləri vardı. Beləki Quran həm özü ilə, həm hədislərlə, həm reallıqla, həm vicdan və ədalətlə, həm də ağıl-məntiqlə dəfələrlə ziddiyyətə düşürdü. Hətta bəzən, Quran, özü ilə ziddiyyətdə olmaqla bərabər, saydıqlarımın biri və ya bir neçəsi ilə eyni zamanda ziddiyyətdə idi. Mən Quran və təfsir oxuduqca bu ziddiyyətləri görürdüm, onlar üzərində fikirləşirdim və cəhənnəm qorxusu ilə “bilmədiyim bir şey var” deyib keçirdim. Ancaq içdən-içə çox gözəl anlayırdım ki, bunları heç kəs cavablandıra bilməz. Təfsirlərin mənzərəsi isə içlər acısı vəziyyətdə idi. Eyni zamanda, hədislərdəki ziddiyyət və məntiqə uymayan şeylər də az deyildi. Bu ziddiyyətli səhih hədisləri ört basdır etmək üçün “Tə`vilu Muxtəlifu`l-Hədis” adlı biyabırçı və satirik gülüş doğuran bir kitab yazan İbn Quteybənin hansı gülməli oyunlardan çıxdığını o kitaba baxıb şahid ola bilərsiniz. Eynilə, satirik gülüş doğuran ziddiyyətləri ört-basdır çabaları Quran üzərində də edilmişdir.

Bununla birlikdə dindar həyatın olduqca çətin olduğu da danılmaz bir gerçəkdir. “Onu etmə, bunu etmə...” deyə mənasız əmrlərlə yanaşı, insanı daim narahatlıq içərisində saxlayan “axirət inancı və cəhənnəm qorxusu” və s. kimi səbəblər bu həyatı dözülməz edir. (Amma mən bu həyatı yaşadım) İslamın çətinliyi də psixoloji olaraq məni dindən soyudurdu. (Siz dindarlara fikir versəniz, onlar İslamı tam şəkildə yaşamırlar. Çünki insanın yobaz  həyatı tam şəkildə yaşaması qeyri-mümkündür)

Qarşılaşdığım tutarsız hədislər və fətvalar səbəbi ilə, dindar həyatımın son iki ayını məzhəbsiz müsəlman olaraq keçirdim (Qurançı). Lakin bu da bir çox dini problemlərə gətirib çıxarırdı. Çünki Quranı hədissiz, sirasız (sira- Hz.Muhəmmədin bioqrafiyası), ayələrin “nüzul” səbəbini bilmədən tam şəkildə anlamaq qeyri-mümkündür. Qəribədir ki, bunlarla bərabər Quranın özünə “açıq-aydın” deməsi və “açıq-aydın” ayətləri insanlara açıqlamaq üçün Hz.Muhəmmədin vəzifələndirildiyini iddia etməsi içindən çıxılmaz paradoks idi (açıq-aydın olan bir şeyi açıqlamağa nə ehtiyac var?). Eyni zamanda, İslam dini mətnlərinin vicdansızlıq və cinayətlərlə dolu olduğunu görmək məni, həqiqətən, şok etmişdi. Bütün bunlar mənim İslamı tərk etməyimin səbəblərindəndir.

İslamı sorğuladıqdan sonra səmavi dinlərin insanları idarə etmək üçün uydurulmuş nəhəng yalanlardan ibarət olduğunu anlayaraq dini tərk etdim. Hal-hazırda ateistəm”. 

Hiç yorum yok:

Yorum Gönder