QURAN BİR TƏRƏFDƏ ÖZÜNÜN “AÇIQ-AYDIN”
OLDUĞUNU VƏ DİNİN “ASAN” OLDUĞUNU İDDİA ETMƏKLƏ BƏRABƏR DİGƏR AYƏLƏR VƏ
GERÇƏKLİK BUNU YALANLAYIR (Bu həddindən artıq geniş mövzudur. Lakin imkan və
vaxt məhdudiyyəti səbəbi ilə qısa kəsməyə çalışacam)
Mövzuya
bu ayətlə başlayaq:
“Onlar hələ də Quranı düşünüb
anlamağa çalışmırlar mı? Əgər o Allahdan başqası tərəfindən olsaydı, mütləq
onda bir çox ziddiyyət(uyğunsuzluq, ixtilaf) tapardılar”. (4:82) – ərəbcə: “ixtiləfun kəsira”.
Gəlin
Quranın “açıq-aydın” olduğu ilə bağlı ayətlərdən misallar göstərək:
“And olsun biz sənə açıq-aydın
ayələr endirdik, onları ancaq günahlarda israr edənlər inkar edər”. (2:99)
“Düşünəsiniz deyə Allah sizə ayələri
belə açıqlayır”.(2:242)
Buradan
Allahın Qurandakı ayələri açıqladığını anlayırıq. İslam müfəssirləri də Quranın
təfsir metodlarını zikr edərkən ilk əvvəl “Quranı Quranla təfsir” metodunu qeyd
edirlər.
“Ey insanlar! Sizə Rəbbinizdən qəti(!)
bir dəlil və açıq-aydın nur endirdik” (4:174)
Buradan
Quranın insanlar üçün (guya) qəti bir dəlil olduğunu anlayırıq. Soruşmazlarmı
ki, Quran qəti və açıq-aydındırsa niyə bu qədər məzhəblər/fərqli fikirlər var? (Verdiyim
sualların cavablarını çox gözəl bilirəm. Sadəcə sual verməyimin səbəbi oxucunu
düşünməyə təşfiq etməkdir.)
“Əlif, ləm, ra. Bunlar açıq-aydın
Kitabın ayələridir”. (12:1)
Quranın
bir çox ayəsində “hurufu-muqatta`a” adlandırılan və sadəcə hərflərdən ibarət
olan ayələr vardır. Məsələn, “əlif, ləm, mim”, “hə, mim”, “yə, sin”, “ta, sin”,
“kəf, hə, yə, ayn, sad” və s. kimi ayələr. Bu ayələr İslam müfəssirləri tərəfindən
müxtəlif mənalara yozulmuşdur və mənalarının dəqiq bilinmədiyi İslam alimləri tərəfindən
vurğulanmışdır. Mənasının nə olduğu barədə ən məşhur müfəssirlər: Qatadə, Ata`,
İbni Abbas, Tabəri, Qurtubi, İbni Kəsir, İbni Teymiyyə kimi alimlər belə
ixtilaf etmişlərsə onda bu Kitabın açıq-aydın olduğunu necə iddia etmək olar? Hələ
“əlif, ləm, mim”in nə olduğu belə bilinmir!...
Buraya qədər Quranın açıq-aydın olduğu barəsindəki
ayələri göstərdik. İndi isə bu ayələrin Quranın özü tərəfindən dolayı yolla və
həyatdakı gerçəklik tərəfindən birbaşa olaraq yalanlandığını göstərək:
“O, sənə kitabı endirəndir. Bunun bir
qism (!) ayələri açıq və qətidir (muhkəm). Bir qism ayələr də var ki, onlar “mutəşəbih”dir. Qəlblərində xəstəlik
olanlar fitnə (imtahan, sınaq, fəsad)
çıxarmaq və yozumlar etmək üçün Quranın mutəşəbih olanına uyar. Halbuki onun
yozumunu ancaq Allah bilir”. (3:7)
Ümumiyyətlə,
bu ayə məntiqi baxımdan heç də sağlam deyil və çox absurddur. Bayaqdan özünə
“açıq-aydın” deyən Quran indi özünün tamamilə açıq-aydın olmadığını etiraf edir.
Soruşmazlarmı ki, mənasını bilmədiyimiz söz yığını bizim nəyimizə gərəkdir?
(Yoxsa Hz.Muhəmməd Kitaba yazdığı bəzi sözlərin gətirib çıxaracağı “fəsad”ın
qarşısını kəsmək üçün, ayələrin bəzilərinə “mutəşəbih” deyir? Üstəlik mutəşəbihlərin hansı ayələr olduğu,
bir neçəsi istisna olmaqla, İslam alimlərinə dəqiq məlum deyil – ortada
böyük anlaşılmazlıqlar var) 3:7 ayəsi haqqında çox söz söyləmək olar, ancaq
mövzudan kənara çıxmamaq üçün bununla kifayətlənirəm.
“Sənə də zikri (Quranı) endirdik ki,
insanlara özləri üçün endiriləni açıqlayasan (!) və onlar da yaxşıca düşünsünlər”. (16:44)
Quran
ayələrdə qeyd olunduğu kimi açıq-aydındırsa, onu Hz.Muhəmmədin açıqlamasına nə
ehtiyac var?
“İman edənlərdən (müsəlmanlardan),
musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə inanıb
yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Qiyamət günü onların nə
bir qorxusu olar, nə də bir qəm-qüssə görərlər”. (2:62)
Qeyd
edək ki, bu müsəlmanlar arasında ciddi mübahisələrə səbəb olmuş ayədir.
İxtilafın səbəbi çox sadədir: Quran başqa ayələrdə Hz.Muhəmmədə iman etmədən cənnətə
girməyin mümkün olmadığını vurğuladığı halda, bu ayədə nəinki kitab əhli (musəvilər
və isəvilər), eyni zamanda sabiilərin də cənnətlik ola biləcəyini bildirir. Müsəlmanlar
buna ziddiyyət deyə bilmədiyi üçün (ki, ziddiyyəti görməmək üçün kor yaxud
islamdan xəbərsiz olmaq lazımdır) ayə üzərində müxtəlif yozumlar edilmişdir.
Halbuki, Quran özünün anlaşılmayan ayələri üzərində yozum edənləri “qəlbində xəstəlik
olanlar” (3:7) adlandırmışdır. Göründüyü kimi ortada böyük anlaşılmazlıq var. Bəs
açıq-aydın Kitabda anlaşılmazlığın nə işi var? Soruşmazlarmı ki, “qüsursuz”
kitabda bu qüsurların nə işi var?
Məlumdur
ki, Quranın müxtəlif ayələri üzərində islam alimləri tərəfindən fərqli izahlar
var. Bu izahlar səbəbi ilə İslam dünyası bir çox əqidəvi cərəyanlara
ayrılmışdır. Təkcə sünnilik öz içərisində əşariyyə, maturdiyyə və sələfiyyə
olmaqla üç əqidəvi cərəyana bölünüb. Bununla birlikdə mu`təzilə, cəbriyyə, qadəriyyə
kimi tarix səhnəsinin məşhur məzhəbləri də var. Bu məzhəblərin təsiri müsəlmanlar
arasında yayılaraq günümüzə kimi gəlib çatmışdır. Qəribə olan budur ki, hər məzhəb
Qurandan dəlil gətirir və digər tərəfi günahkarlıqda, bidətçilikdə və
azmışlıqda ittiham edir. Təkcə bu ittihamlar səbəbi ilə mu`təzilə və əhli-sünnə
məzhəb tərəfdarları arasında tarixdə qanlı mübarizələr olmuşdur. Sələfiyyə və
maturdiyyə arasındakı ixtilaflar səbəbi ilə, günü bu gün də, məscidlərdə
çiyin-çiyinə namaz qılan möminlər arasında nifrət var və bir tərəf o birinə cəhənnəmlik
gözü ilə baxır. Bu bir reallıqdır. “Açıq-aydın” olan, “şübhə olmayan” Kitab niyə
bu qədər anlaşılmazlıq və şübhələrin meydana gəlməsinə ən böyük səbəbdir? Təkcə
Quranın “açıq-aydın” olub-olmadığı barəsində bir tənqidi kitab yazmaq
mümkündür.
Allahın
cismlərə bənzər olub-olmadığı nöqtəsində müsəlmanlar arasında tarix boyu ciddi
ixtilaflar olub. Bu ixtilaflardan muşəbbihə, mucəssimə kimi məzhəblər
çıxmışdır. Bunun da səbəbi çox sadədir: Bir tərəfdə heç nəyə bənzəmədiyi iddia edilən Allah, digər ayələrdə cismlərdən fərqsiz şəkildə təsvir olunur.
Mulk surəsində Allahın göydə olduğu (fi`s-səmə-i) yazılması min ildən çoxdur
ki, müsəlmanlar arasında çoxlu ixtilaflara, parçalanmalara səbəb olmuşdur.
Əşarilər Allahın bənzərsiz olduğu üçün göydə olmasının mümkün olmadığını, Quranda
Allaha “Göydə olan” deyilməklə məcazi mənanın qəsd olunduğunu iddia etdikləri
halda, sələfilər tam əksini – Quranda məcazın olmadığını və Allahın səmada bərqərar
olduğunu, yaxud oturduğunu irəli sürüblər. Hətta 18-ci əsr sələfilərindən bəziləri
daha da irəli gedərək əşariləri mürtədliklə (dindən çıxmaq) ittiham ediblər. Bu
da İslam dünyası üçün ayrı bir təhlükədir. Çünki Hz.Muhəmmədin əmrinə əsasən
dindən dönən öldürülməlidir (Buxari, “Cihad”, 149). İxtilafların gətirə biləcəyi
dəhşətli nəticəni düşünə bilirsiniz mi?
Quranın
açıq-aydın olub-olmadığı barəsində məzhəblərin mövqeyinə müraciət etsək, sünnilərin
hamısının Quranın hədissiz və tarixsiz
anlaşılmasının mümkün olmadığı xüsusunda ittifaq etdiyini görə bilərik. Şiələr
də, dini qaynaqlarının fərqli olmasına baxmayaraq, sünnilərlə həmfikirdirlər.
Quranın hədissiz anlaşılacağını iddia edənlər isə müasir dövrdə ortaya çıxan “yumşaq
müsəlmanlar”-quranilərdir.
- İndi isə İslamın “asan” din olduğunu iddia edən ayələrə nəzər salaq:
“Biz (Qur’anı) sənin dilinlə asan
etdik ki, onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə)
müjdə verəsən və inadkar bir camaatı qorxudasan”. (19:97)
Quranı
anlamaq asandırsa, bu dini ixtilaflar niyə meydana çıxıb? Bu qədər
anlaşılmazlıqlara göz yumacağıqmı? Quran asandırsa, niyə ayələr üzərində fərqli
yanaşmalar var? Niyə əşariyyə, sələfiyyə, qadəriyyə, cəbriyyə, rafizilik,
xaricilik kimi əqidəvi məzhəblər var? Niyə Quranda namazın neçə vaxt olduğu belə
dəqiq bildirilmir? Bu misalları çoxalda
bilərik. Quranın asan olması açıq-aydın və ağ yalandır.
“Allah sizə çətinlik istəməz, asanlıq
istəyər”. (2:185)
Burada “Allah
yalan danışır”. Əgər Allah asanlıq istəsəydi, həyat və din də asan olardı, - bu qədər çətin, insanın psixologiyasını
pozan, həyatını zindana çevirən ağır qadağa və faydasız əmrlər olmazdı. 16 saat
oruc olaraq ac-susuz qalmaq asandır mı? Cihad etmək, ölümə addım atmaq, yaralar
içində ağrıdan qovrulmaq bu qədər asandır mı?
Yayın istisində hicaba bürünmək və onun içində gəzmək asandırmı? Və s...
“Allah yolunda layiqincə cihad edin.
O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız
İbrahim dini kimi” (22:78)
Ayədəki
yalanı görmək çətin deyil. Cihad əmrini verdikdən sonra “heç bir çətinlik
yoxdur” demək satirik gülüş doğurur. Cihadda hər cür təhlükə ilə üzləşmək
ehtimalı yüksək ikən, onlara addım atmaq asandırmı? Amma Quran insanın düşünmək
belə istəmədiyi dəhşətli acılara asan deyir.
Göründüyü
kimi Quran bu dəfə də yalan danışır.
Mövzunun
çox geniş olduğunu nəzərə alaraq onu oxucunu düşündürmək məqsədilə verəcəyim
suallarla bitirirəm:
- Quran mükəmməl və açıq-aydındırsa,
niyə onu anlamaq üçün başqa qaynaqlara (sünnəyə, siraya və s.) müraciət etməyə
ehtiyac var? Bu “açıq-aydın” olmaq vəsfi ilə ziddiyyətli deyil mi?
- Quran mükəmməl və açıq-aydındırsa,
niyə ortada bu qədər anlaşılmazlıqlar var?
- “Ədalətli” Allah niyə başa düşülməsi
çətin olan bir kitab göndərib, “düzgün” başa düşülmədiyi, məntiqə uyulduğu
zaman, insanları cəzalandırır? Bu üzərində
çox ciddi düşünülməsi lazım olan sualdır.
- Məgər sonsuz zəka və elm sahibi olan,
mərhəmətli və qullarının yaxşılığını istəyən Yaradıcının (fərz edək ki, var)
etdiyi bu ədalətsizlik öz sifəti ilə paradoks deyil mi? (məs., Hikmətli, Mərhəmətli,
Ədalətli)
Hiç yorum yok:
Yorum Gönder