27 Ağustos 2017 Pazar

Quran ziddiyyətləri - 2


QURAN BİR TƏRƏFDƏ ÖZÜNÜN “AÇIQ-AYDIN” OLDUĞUNU VƏ DİNİN “ASAN” OLDUĞUNU İDDİA ETMƏKLƏ BƏRABƏR DİGƏR AYƏLƏR VƏ GERÇƏKLİK BUNU YALANLAYIR (Bu həddindən artıq geniş mövzudur. Lakin imkan və vaxt məhdudiyyəti səbəbi ilə qısa kəsməyə çalışacam)


Mövzuya bu ayətlə başlayaq:

“Onlar hələ də Quranı düşünüb anlamağa çalışmırlar mı? Əgər o Allahdan başqası tərəfindən olsaydı, mütləq onda bir çox ziddiyyət(uyğunsuzluq, ixtilaf) tapardılar”. (4:82) – ərəbcə: “ixtiləfun kəsira”.

Gəlin Quranın “açıq-aydın” olduğu ilə bağlı ayətlərdən misallar göstərək:

“And olsun biz sənə açıq-aydın ayələr endirdik, onları ancaq günahlarda israr edənlər inkar edər”. (2:99)

“Düşünəsiniz deyə Allah sizə ayələri belə açıqlayır”.(2:242)
Buradan Allahın Qurandakı ayələri açıqladığını anlayırıq. İslam müfəssirləri də Quranın təfsir metodlarını zikr edərkən ilk əvvəl “Quranı Quranla təfsir” metodunu qeyd edirlər.

“Ey insanlar! Sizə Rəbbinizdən qəti(!) bir dəlil və açıq-aydın nur endirdik” (4:174)
Buradan Quranın insanlar üçün (guya) qəti bir dəlil olduğunu anlayırıq. Soruşmazlarmı ki, Quran qəti və açıq-aydındırsa niyə bu qədər məzhəblər/fərqli fikirlər var? (Verdiyim sualların cavablarını çox gözəl bilirəm. Sadəcə sual verməyimin səbəbi oxucunu düşünməyə təşfiq etməkdir.)

“Əlif, ləm, ra. Bunlar açıq-aydın Kitabın ayələridir”. (12:1)
Quranın bir çox ayəsində “hurufu-muqatta`a” adlandırılan və sadəcə hərflərdən ibarət olan ayələr vardır. Məsələn, “əlif, ləm, mim”, “hə, mim”, “yə, sin”, “ta, sin”, “kəf, hə, yə, ayn, sad” və s. kimi ayələr. Bu ayələr İslam müfəssirləri tərəfindən müxtəlif mənalara yozulmuşdur və mənalarının dəqiq bilinmədiyi İslam alimləri tərəfindən vurğulanmışdır. Mənasının nə olduğu barədə ən məşhur müfəssirlər: Qatadə, Ata`, İbni Abbas, Tabəri, Qurtubi, İbni Kəsir, İbni Teymiyyə kimi alimlər belə ixtilaf etmişlərsə onda bu Kitabın açıq-aydın olduğunu necə iddia etmək olar? Hələ “əlif, ləm, mim”in nə olduğu belə bilinmir!...
 Buraya qədər Quranın açıq-aydın olduğu barəsindəki ayələri göstərdik. İndi isə bu ayələrin Quranın özü tərəfindən dolayı yolla və həyatdakı gerçəklik tərəfindən birbaşa olaraq yalanlandığını göstərək:

“O, sənə kitabı endirəndir. Bunun bir qism (!) ayələri açıq və qətidir (muhkəm). Bir qism ayələr də var ki, onlar “mutəşəbih”dir. Qəlblərində xəstəlik olanlar fitnə (imtahan, sınaq, fəsad) çıxarmaq və yozumlar etmək üçün Quranın mutəşəbih olanına uyar. Halbuki onun yozumunu ancaq Allah bilir”. (3:7)

Ümumiyyətlə, bu ayə məntiqi baxımdan heç də sağlam deyil və çox absurddur. Bayaqdan özünə “açıq-aydın” deyən Quran indi özünün tamamilə açıq-aydın olmadığını etiraf edir. Soruşmazlarmı ki, mənasını bilmədiyimiz söz yığını bizim nəyimizə gərəkdir? (Yoxsa Hz.Muhəmməd Kitaba yazdığı bəzi sözlərin gətirib çıxaracağı “fəsad”ın qarşısını kəsmək üçün, ayələrin bəzilərinə “mutəşəbih” deyir? Üstəlik mutəşəbihlərin hansı ayələr olduğu, bir neçəsi istisna olmaqla, İslam alimlərinə dəqiq məlum deyil – ortada böyük anlaşılmazlıqlar var) 3:7 ayəsi haqqında çox söz söyləmək olar, ancaq mövzudan kənara çıxmamaq üçün bununla kifayətlənirəm.

“Sənə də zikri (Quranı) endirdik ki, insanlara özləri üçün endiriləni açıqlayasan (!) və onlar da yaxşıca düşünsünlər”. (16:44)

Quran ayələrdə qeyd olunduğu kimi açıq-aydındırsa, onu Hz.Muhəmmədin açıqlamasına nə ehtiyac var?

“İman edənlərdən (müsəlmanlardan), musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Qiyamət günü onların nə bir qorxusu olar, nə də bir qəm-qüssə görərlər”. (2:62)

Qeyd edək ki, bu müsəlmanlar arasında ciddi mübahisələrə səbəb olmuş ayədir. İxtilafın səbəbi çox sadədir: Quran başqa ayələrdə Hz.Muhəmmədə iman etmədən cənnətə girməyin mümkün olmadığını vurğuladığı halda, bu ayədə nəinki kitab əhli (musəvilər və isəvilər), eyni zamanda sabiilərin də cənnətlik ola biləcəyini bildirir. Müsəlmanlar buna ziddiyyət deyə bilmədiyi üçün (ki, ziddiyyəti görməmək üçün kor yaxud islamdan xəbərsiz olmaq lazımdır) ayə üzərində müxtəlif yozumlar edilmişdir. Halbuki, Quran özünün anlaşılmayan ayələri üzərində yozum edənləri “qəlbində xəstəlik olanlar” (3:7) adlandırmışdır. Göründüyü kimi ortada böyük anlaşılmazlıq var. Bəs açıq-aydın Kitabda anlaşılmazlığın nə işi var? Soruşmazlarmı ki, “qüsursuz” kitabda bu qüsurların nə işi var?
Məlumdur ki, Quranın müxtəlif ayələri üzərində islam alimləri tərəfindən fərqli izahlar var. Bu izahlar səbəbi ilə İslam dünyası bir çox əqidəvi cərəyanlara ayrılmışdır. Təkcə sünnilik öz içərisində əşariyyə, maturdiyyə və sələfiyyə olmaqla üç əqidəvi cərəyana bölünüb. Bununla birlikdə mu`təzilə, cəbriyyə, qadəriyyə kimi tarix səhnəsinin məşhur məzhəbləri də var. Bu məzhəblərin təsiri müsəlmanlar arasında yayılaraq günümüzə kimi gəlib çatmışdır. Qəribə olan budur ki, hər məzhəb Qurandan dəlil gətirir və digər tərəfi günahkarlıqda, bidətçilikdə və azmışlıqda ittiham edir. Təkcə bu ittihamlar səbəbi ilə mu`təzilə və əhli-sünnə məzhəb tərəfdarları arasında tarixdə qanlı mübarizələr olmuşdur. Sələfiyyə və maturdiyyə arasındakı ixtilaflar səbəbi ilə, günü bu gün də, məscidlərdə çiyin-çiyinə namaz qılan möminlər arasında nifrət var və bir tərəf o birinə cəhənnəmlik gözü ilə baxır. Bu bir reallıqdır. “Açıq-aydın” olan, “şübhə olmayan” Kitab niyə bu qədər anlaşılmazlıq və şübhələrin meydana gəlməsinə ən böyük səbəbdir? Təkcə Quranın “açıq-aydın” olub-olmadığı barəsində bir tənqidi kitab yazmaq mümkündür.
Allahın cismlərə bənzər olub-olmadığı nöqtəsində müsəlmanlar arasında tarix boyu ciddi ixtilaflar olub. Bu ixtilaflardan muşəbbihə, mucəssimə kimi məzhəblər çıxmışdır. Bunun da səbəbi çox sadədir: Bir tərəfdə heç nəyə bənzəmədiyi iddia edilən Allah, digər ayələrdə cismlərdən fərqsiz şəkildə təsvir olunur. Mulk surəsində Allahın göydə olduğu (fi`s-səmə-i) yazılması min ildən çoxdur ki, müsəlmanlar arasında çoxlu ixtilaflara, parçalanmalara səbəb olmuşdur. Əşarilər Allahın bənzərsiz olduğu üçün göydə olmasının mümkün olmadığını, Quranda Allaha “Göydə olan” deyilməklə məcazi mənanın qəsd olunduğunu iddia etdikləri halda, sələfilər tam əksini – Quranda məcazın olmadığını və Allahın səmada bərqərar olduğunu, yaxud oturduğunu irəli sürüblər. Hətta 18-ci əsr sələfilərindən bəziləri daha da irəli gedərək əşariləri mürtədliklə (dindən çıxmaq) ittiham ediblər. Bu da İslam dünyası üçün ayrı bir təhlükədir. Çünki Hz.Muhəmmədin əmrinə əsasən dindən dönən öldürülməlidir (Buxari, “Cihad”, 149). İxtilafların gətirə biləcəyi dəhşətli nəticəni düşünə bilirsiniz mi? 
Quranın açıq-aydın olub-olmadığı barəsində məzhəblərin mövqeyinə müraciət etsək, sünnilərin hamısının Quranın hədissiz və tarixsiz anlaşılmasının mümkün olmadığı xüsusunda ittifaq etdiyini görə bilərik. Şiələr də, dini qaynaqlarının fərqli olmasına baxmayaraq, sünnilərlə həmfikirdirlər. Quranın hədissiz anlaşılacağını iddia edənlər isə müasir dövrdə ortaya çıxan “yumşaq müsəlmanlar”-quranilərdir.

-   İndi isə İslamın “asan” din olduğunu iddia edən ayələrə nəzər salaq:

“Biz (Qur’anı) sənin dilinlə asan etdik ki, onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə) müjdə verəsən və inadkar bir camaatı qorxudasan”. (19:97)

Quranı anlamaq asandırsa, bu dini ixtilaflar niyə meydana çıxıb? Bu qədər anlaşılmazlıqlara göz yumacağıqmı? Quran asandırsa, niyə ayələr üzərində fərqli yanaşmalar var? Niyə əşariyyə, sələfiyyə, qadəriyyə, cəbriyyə, rafizilik, xaricilik kimi əqidəvi məzhəblər var? Niyə Quranda namazın neçə vaxt olduğu belə dəqiq bildirilmir? Bu misalları çoxalda bilərik. Quranın asan olması açıq-aydın və ağ yalandır.

“Allah sizə çətinlik istəməz, asanlıq istəyər”. (2:185)

Burada “Allah yalan danışır”. Əgər Allah asanlıq istəsəydi, həyat və din də asan olardı,  - bu qədər çətin, insanın psixologiyasını pozan, həyatını zindana çevirən ağır qadağa və faydasız əmrlər olmazdı. 16 saat oruc olaraq ac-susuz qalmaq asandır mı? Cihad etmək, ölümə addım atmaq, yaralar içində ağrıdan qovrulmaq bu qədər asandır mı?  Yayın istisində hicaba bürünmək və onun içində gəzmək asandırmı? Və s...

“Allah yolunda layiqincə cihad edin. O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahim dini kimi” (22:78)

Ayədəki yalanı görmək çətin deyil. Cihad əmrini verdikdən sonra “heç bir çətinlik yoxdur” demək satirik gülüş doğurur. Cihadda hər cür təhlükə ilə üzləşmək ehtimalı yüksək ikən, onlara addım atmaq asandırmı? Amma Quran insanın düşünmək belə istəmədiyi dəhşətli acılara asan deyir.
Göründüyü kimi Quran bu dəfə də yalan danışır.  
Mövzunun çox geniş olduğunu nəzərə alaraq onu oxucunu düşündürmək məqsədilə verəcəyim suallarla bitirirəm:
-   Quran mükəmməl və açıq-aydındırsa, niyə onu anlamaq üçün başqa qaynaqlara (sünnəyə, siraya və s.) müraciət etməyə ehtiyac var? Bu “açıq-aydın” olmaq vəsfi ilə ziddiyyətli deyil mi?
-   Quran mükəmməl və açıq-aydındırsa, niyə ortada bu qədər anlaşılmazlıqlar var?
-   “Ədalətli” Allah niyə başa düşülməsi çətin olan bir kitab göndərib, “düzgün” başa düşülmədiyi, məntiqə uyulduğu zaman, insanları cəzalandırır? Bu üzərində çox ciddi düşünülməsi lazım olan sualdır.

-   Məgər sonsuz zəka və elm sahibi olan, mərhəmətli və qullarının yaxşılığını istəyən Yaradıcının (fərz edək ki, var) etdiyi bu ədalətsizlik öz sifəti ilə paradoks deyil mi? (məs., Hikmətli, Mərhəmətli, Ədalətli)

Hiç yorum yok:

Yorum Gönder