28 Ağustos 2017 Pazartesi

Dində "imtahan" anlayışı - 1


Məlum olduğu kimi, monoteist dinlərin ehtiva etdiyi ən əsas anlayışlardan biri də imtahan anlayışıdır. İmtahan haqqında dini mətnləri incələdiyimiz zaman bir çox absurd və ziddiyyətli nöqtələrlə qarşılaşmağımız qaçınılmazdır. Qurana görə insanın yaradılış qayəsi tanrı Allaha ibadət etmək (yəni Allahın razı qaldığı işlər görmək), dünya həyatının qayəsi isə insanların Allaha itaət edib/etməməklə imtahan olunmasıdır:


“İnsanları və cinləri yalnız mənə (!) ibadət etmələri üçün yaratdım!”. (51:56)

 “Əməl baxımından hansınızın daha yaxşı olduğunu imtahan etmək üçün ölümü və həyatı yaradan odur”. (67:2)

51:56 ayəsini düşündüyümüz zaman tanrı Allahın olduqca eqoist və təkəbbürlü olduğunu anlayırıq. Quran tanrı Allahın eqoist olduğunu əl-Həşr surəsində “əl-Mutəkəbbir” şəklində açıqca ifadə edir:

“Elə bir Allahdır ki, o ... təkəbbürlüdür”. (59:23)

Öz şəxsi eqosu üçün insanları min bir çətinlik, müsibət və göndərdiyi yobaz qanunlarla imtahan edən eqoist bir tanrı nə dərəcədə ibadətə, sevilməyə, dəyər görməyə, yaltaqlanmağa layiqdir?

67:2 ayəsi haqqında ilk olaraq deyə bilərik ki, bu ayəni təşkil edən cümlədə məna baxımından problem var. Qəribədir ki, Quran “ölüm” sözünü “həyat” sözündən əvvəl çəkir, üstəlik ölümün də insanların hansının daha saleh əməl işlədiyini sınamaq üçün yaradıldığını iddia edir. Təfsirə baxdığımız zaman müfəssirlərin  ayədəki bu incəlik üzərində çaş-baş qaldığını və başqa mənalara yozduğunu görə bilərik. Çünki ölmüş bir insan, Muhəmmədin başqa ayələrinə və digər sözlərinə görə tanrı Allahın qanunlarını icra etməklə mükəlləf deyil.

67:2 ayəsinə əsasən insanların həyatının hər bir anı onlar üçün bir sınaqdır. Tələbənin imtahandan yaxşı nəticə ala bilməsi üçün hazırlaşması lazımdır. Onun hazırlaşması üçün dəqiq, konkret, rasyonal, məntiqli və aydın mühazirənin olması da  zəruridir. Mühazirəsiz tələbənin imtahan edilməsi absurd və hikmətsizdir. Həmçinin insan da bu dünyaya imtahan üçün gəlibsə, onun imtahanda müvəffəqiyyətli olması üçün mühazirəsinin olması mütləqdir. Bəs Allahın dəqiq, konkret, rasyonal, məntiqli və aydın “mühazirə”si nədir, haradadır? Reallıq budur ki, əlimizdə Allahın “mühazirə”sindən bir “səhifə” belə yoxdur. Müsəlmanlar bu “mühazirə”nin Quran olduğunu deyə bilər. Lakin Quran dəqiq, konkret, rasyonal, məntiqli və aydın deyil, içində obyektiv məntiqlə açıqca görülən yüzlərlə absurd şeylər, anlaşılmazlıqlar, ixtilaflar və ziddiyyətlər var. Üstəlik Quran fövqəlbəşər şəkildə deyil, antik Orta Şərq zehniyyəti ilə qələmə alınıb, beləki, hər ayəsindən insan sözü olduğu bəlli olur. Quranın iddiası qeyri-adi iddiadır, lakin qeyri-adi iddiaların qeyri-adi sübutları olmalıdır ki, İslamın doğru din olduğuna dair bir dənə belə olsa sağlam arqument yoxdur. Qəribə məqamlardan biri də budur ki, Quranın insanlar üçün “mühazirə” olduğunu deyən müsəlmanlar, öz müqəddəs kitablarında insanların Qurana inanıb/inanmamaqla sınanacağı mesajını verən ayələri ya anlamırlar, ya da anlamazlıqdan gəlirlər. Cəfəngiyyata bax! Deməli, biz “mühazirə”nin “mühazirə” olub olmadığını tapmaq ilə sınanırıq, pah atonan! Sanki dünyaya Allahla gizlənpaç oynamağa, ya da tapmacanın cavabını axtarmağa gəlmişik. Bu nə cür imtahandır, yaxud bu nə cür imtahan metodudur? Diqqət edirsinizsə, dini prinsipləri incələyərək sorğuladığımız zaman, İslamın nə dərəcədə zəif, ziddiyyətli və məntiqi baxımdan xətalarla dolu olduğunu və harasından yapışsanız tutarsız olduğunu çətinlik çəkmədən anlayırıq:


“Allah onunla (Quranla) bir çox kimsəni azdırar, bir çoxunu isə doğru yola hidayət edər”. (2:26)

2:26 cəfəngiyyatını görüb əsəbləşməmək mümkün deyil. Ağıllı, hikmətli, hər şeyi bilən, sonsuz elm sahibi Allah, öz sifətləri ilə ziddiyyətə düşüb son dərəcə hikmətsiz imtahan metodunu işlədərək, sınaq üçün yaratdığı insanları imtahandan kəsmək üçün göndərdiyi “mühazirə”dən istifadə edir, pah atonan! İmtahanın metoduna bax sən! Tarix səhnəsinin ən kinli tanrı xəyalı olan Allahın davranışları göründüyü kimi bir-birini tutmur: İnsanların həm yaxşılığını istəyir, həm pisliyini.

 “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver”. (2:155)

“Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz”. (3:186) 

İnsanın DNT-i bir-birini kopyalamaq qabiliyyətinə malik eqoist molekullardan təşkil olunmuşdur və insan genləri eqoistdir. Deməli, insan eqoistdir. İnsan öz şəxsi mənfəətini güdən – canını, malını, yaxınlarını sevən, onları qoruyan və həyatda sağ qalmaq üçün çalışan primatdır, eyni ilə digər heyvanlar kimi. İnsanın çox həssas və güclü sinir sistemi var, o ağrını, acını hiss edir. Bütün bunlarla yanaşı, insan emosional varlıqdır. O kədərlənə, sevinə, qəzəblənə, həyəcanlana bilir. İnsan özünə qarşı xoşagəlməz hadisələrin baş verməsini istəməz, onun canına, malına, yaxınlarına, sevdiklərinə pislik edənlərə qarşı insanda nifrət, qəzəb və intiqam hisləri oyanar.

Bu nüansları xatirimizdə tutaraq 2:155 və 3:186 ayələrini düşünək. Bir normal insan özünə pislik edəni sevə bilməzsə, insanı öz eqosunu oxşamaq üçün qorxu, aclıq, mal-dövlət, insan və məhsul itkisi ilə, mal və canla imtahan edən birisi – Allah nə dərəcədə sevilməyə, dəyər görməyə, özünə yaltaqlanmağa, ibadət edilməyə layiqdir? Görəsən Allahın özü bir müddət insan olsa bu cür dəhşətli dünya həyatına dözə bilərmi? Axı kənardan “səbr et” demək çox asandır! İnsanları müəyyən davranışlara istəkli və meyilli yaradıb, sonra da bu davranışları seçdikləri üçün onları cəzalandırmaq, mərhəmətli, ağıllı və müdrik bir tanrı anlayışına yaraşmayacaq qədər uşaqcasına və cahilcəsinə davranışdır.

 “Əgər Allah var olsa idi, bağışlanma diləməsi üçün bütün insanlığın ayaqlarına düşməli idi”...

Dünyadakı bədbəxtliklərlə yanaşı, İslam dininə görə Allah, insanları öz göndərdiyi çətin qanunlara uyub-uymamaqla sınayır. Fikir versək bu qanunların böyük əksəriyyəti insanın təbii istəklərinin əleyhinədir. İnsanı təbii halda yaradıb, sonra da öz yaratdığını bəyənməyərək onu dəyişdirməyə çalışan bir tanrıdan xeyirli nə gözləmək olar? İnsanı öz təbii istəklərinin gərəyini yerinə yetirdiyi üçün cəzalandıran bir tanrı nə dərəcədə hörmətə layiqdir? Niyə bütün insanları fərqli yaradıb, daha sonra öz şəriət qanunları ilə eyniləşdirməyə çalışır? Belə bir tanrı nə dərəcədə şükrə layiqdir? Bizi ehtiyaclı yaradıb sonra ehtiyacımızı qarşıladıqda niyə Allaha şükür etməliyik? Belə bir varlıq olsa idi, bizim ona yox, onun bizə borcu olardı. Çünki bizi aciz yaradan da özüdür (İslama görə).

Fikir versək görərik ki, Allah xəyali diktator obrazından başqa bir şey deyil: Müsəlmanlara görə pis insanın başına pis hadisə gəldiyi zaman “Allahın cəzalandırması”, xoş hadisə gəldiyi zaman “Allahın günahlarda israr etməsi üçün o insanı azdırması”, yaxşı insanın başına bədbəxt hadisə gəldiyi zaman “Allahın sınaması”, xoş hadisə gəldiyi zaman “Allahın mükafatı” olur, pah atonan! Lakin reallığa baxdığımız zaman bunlar tamamilə fiziki qanunlar içərisində baş təbii hadisələrdir və ilahi qüvvənin müdaxiləsinin bu hadisələrdə izi-tozu yoxdur. (Bu cür cəfəngiyyatların üstündən xətt çəkən dahi alim Çarlz Darvinə salam olsun!)


İslamdakı imtahan prinsipi Allahın bəzi sifətləri ilə də paradoksdur. Məsələn, sonsuz mərhəmətli, acıyan, ədalətli kimi sifətlərlə imtahan prinsipi ziddiyyətlidir. Sonsuz mərhəmətli və mehriban birinin belə acı dolu həyat yaratması mümkünsüzdür. Mövzunu daha aydın hala gətirə bilərik. Muhəmmədin məşhur hədisinə əsasən Allah anadan daha mərhəmətlidir. Düşünək, ana öz övladının ağır xəstəliklərə tutulmasına, iztirablar çəkməsinə razı ola bilərmi? – ola bilməz. Onda, Allahın da insanın iztirab çəkməyini istəmədiyi nəticəsini çıxarırıq, lakin təbiətdə gördüklərimiz bu nəticəni yalanlayır: dünya iztirab meydanıdır. Əgər Allah anadan mərhəmətli olsaydı, əvvəlcədən dünyanı bu cür yaratmazdı. Nəticə olaraq: Mərhəmətli Allahın imtahan meydanı yaratması özü ilə paradoksdur və mümkünsüzdür. Bu həm də, Allahın var olmadığının sübutudur. Çünki iki zidd bir arada ola bilməz. 

Hiç yorum yok:

Yorum Gönder